Bir çox qonaq kafeni qəhvəsinə görə xatırlayır. Bu qəhvənin arxasında fermer, yaşıl dən alıcısı, qovurucu və sonda barista dayanır: zəncirin son halqası, qonağın gördüyü yeganə üz.
Bakıda, Fəvvarələr meydanının yaxınlığında kiçik bir kafe. Səhər saat səkkizdir. Qapıdan girən qadın menyuya baxmadan deyir: "Hər gün içdiyimdən." Barista Murad gülümsəyir, dəyirmanın düyməsini basır. Bir dəqiqə sonra piştaxtada südlü qəhvə durur: qadının sevdiyi kimi, isti, az köpüklü. Qadın onun adını bilmir, Murad isə onun qəhvəsini bilir. Barista işi budur.
"Barista" italyan sözüdür: İtaliyada barda xidmət edən adama belə deyirlər. Söz gəlmədir, peşə isə bizdə çoxdan var. Bu gün barista qəhvəni və başqa içkiləri yaxşı tanıyan, qonağa məsləhət verən, içkisini onun istədiyi kimi hazırlayıb təqdim edən ustadır. O, çay, isti şokolad və soyuq içkilər də hazırlayır. İşinin yarısı isə insanlarla danışmaqdır.
Qəhvə fincana çatana qədər çox əldən keçir: fermer, yaşıl dən alıcısı, qovurucu və barista. Fermerin bir il əməyini, qovurucunun bacarığını qonaq yalnız baristanın hazırladığı fincanda dadır. Ona görə yaxşı barista bütün zənciri bilir: dənin haradan gəldiyini (Bölmə 2), necə dəmləndiyini (Bölmə 3, 5), qonağa necə təqdim olunduğunu (Bölmə 8).
Növbə hissəsi Baristanın işi Kitabda Açılış maşını və dəyirmanı hazırlamaq, sınaq şotu, stansiyanı qurmaq, süd və ehtiyatı yoxlamaq Dərs 3.1, 3.2 Pik saat sifariş qəbulu, içki hazırlamaq, qonaqla danışmaq, piştaxtanı təmiz saxlamaq Bölmə 4, 8 Sakit saatlar kalibrləmə, ehtiyatı doldurmaq, yeni içki sınamaq, öyrənmək Dərs 3.2 Bağlanış maşın, dəyirman və avadanlıq təmizliyi, qrafiki imzalamaq, ehtiyat sifarişi Dərs 3.7, 3.8
Şəkil 1.1.1. Barista qonağın gördüyü üzdür. İtaliyalı öz barmeni ilə fəxr edir, çox yaxşı edir. Bizim də fəxr ediləsi ustalarımız var. Bakıda Kömür meydanında, Lənkəran bazarında, Ordubadda çinarların altında, Lahıcda qoşa samovarın yanında dayanan adam qapıdan girənin adını soruşub kağız stəkana yazmazdı. O, sizi tanıyırdı. Nə içdiyinizi də bilirdi: pürrəngi, ya açıq; dişləmə, ya salma; yanında nə olsun, ona da sözünüz olmazdı.
Çayçının işi yüngül görünür, amma hər adamın işi deyil. Sinidə üst-üstə onlarla stəkan gəzdirir, hansı masaya hansı çayın getdiyini səhv salmazdı. Kimin neçə stəkan içdiyini yazmaz, yaddaşında saxlardı. Müştəri gələndə sifariş götürən uca səslə içəri ötürərdi: filan yerdə oturan ağsaqqala dişləmə çay! Hörmətli müştəriyə boyat deyil, təzə dəm verilərdi. Bu gün "qonağı tanımaq" deyib təlimlərdə öyrətdiyimiz hər şey çayçının gündəlik işi idi.
Lənkəranda iki ad yaddaşlarda qalıb: çayçı Məmmədi və çayçı Rafiz. Fərqli illərin çayçıları olsalar da, ikisi də yaxşı çayçı kimi Lənkəran tarixinə düşüb. Baxın, stəkanı nəlbəki ilə üst-üstə necə daşıyırlar, başında papaq, əlində çaydan, üzündə təbəssüm.
Çayxanada Bu gün barda samovar qaynadan, çay dəmləyən maşını açan, kalibrləyən barista çay paylayan içkini verən barista sifariş götürən, uca səslə ötürən kassada sifariş alan, çağıran qənd doğrayan, qəlyan hazırlayan hazırlıq stansiyası bazarlığa gedən tədarük, anbar qab yuyan, stəkan yığan qabyuyan, zal çayxana sahibi baş barista, müdir
Kiçik çayxanada bunların hamısını bir ailə görərdi: ata, oğullar, qohumlar. Peşə çox vaxt atadan oğula keçirdi. Ordubadda Cümə məscidinin arxasındakı "Mirinin çayçısı"nı ata-babadan çayçı olan Seyid Mir Əşrəf ağa qurub, bu gün oğlu Mir Tələt aparır; çayı məscid yanındakı "Mədrəsə" kəhrizinin suyu ilə qaynadırlar, imkansız adam da burada çaya qonaqdır. Lahıcda Şahbazın dükanının nə vaxt açılıb-bağlandığını görən olmazdı: qoşa samovar həmişə qaynayardı.
Çayxana sahibi məhəllənin hörmətli adamı idi. Hər yaşda insanla danışmağı bilərdi, şit zarafata yol verməz, haqq-hesabı dəqiq aparardı. Pulu çatmayanla, qonaq gətirib nisyə içənlə dil tapardı, çünki adamlar illərlə bir-birini tanıyırdı. Küsülüləri barışdırmaq üçün də ağsaqqallar çayxanaya yığışardı.
Könül nə çay istər, nə çayxana, könül söhbət istər, çay bəhanə.
Çayxana həm də birja idi Dostun gələndə sənə xəbər ötürmək lazımdırsa, çayçıya deyirdin. Usta axtaran hansı çayxanaya getməli olduğunu bilirdi: dülgər, bənna, hambal öz yerində otururdu. Tacirlər ayrıca çayxanada sövdələşirdi, işsiz fəhlə işi orada tapırdı. Bakı Bulvarının və Qubernator bağının yanındakı çayxanaya müğənnilər yığışar, toya dəvəti orada alardılar; bu adət 1960–70-ci illərə qədər yaşadı. Məhəllə çayxanası sübh çağı, gün çıxmamış açılar, dükan-bazar bağlanandan sonra bağlanardı.
Çayçının kökü də dərindir. Səfəvi sarayında qəhvə dəmləmək üçün "qəhvəçigəri" adlı vəzifə vardı: sarayın abdarxanasındakı bu ustalar sonrakı qəhvəçi və çayçıların sələfidir. Yəni barista gəlmə söz olsa da, sizin peşənizin bu torpaqda ən azı beş yüz illik yaşı var.
Latte art çəkmək, gözəl fincan vermək gözəl işdir, öyrənəcəyik də. Amma peşənin özəyi bəlli idi: qapıdan girəni tanımaq, istəyini soruşmadan bilmək, hesabı düz aparmaq, məhəllənin etibarını qazanmaq. İtaliyalı öz ənənəsinə necə sahib çıxırsa, biz də öz çayçımıza elə sahib çıxaq.
Şəkil 1.1.2. Lənkəranın məşhur çayçıları Məmmədi və Rafiz. Stəkan-nəlbəki üst-üstə: çayçının ustalığı.
Qəhvənin Efiopiyadan Yəmənə, İstanbula, Avropaya və Bakıya gələn yolunu, qəhvəxananı, üç dalğanı Giriş bölməsində öyrəndiniz. Barista üçün bu tarix gözəl söhbət mövzusudur: qonaq soruşanda bir-iki cümlə ilə danışa bilməlisiniz.
Beynəlxalq təşkilatlar ICO (Beynəlxalq Qəhvə Təşkilatı) 1963-cü ildə Londonda qəhvə ixrac və idxal edən ölkələrin əməkdaşlığı üçün yaradıldı. SCA (Xüsusi Keyfiyyətli Qəhvə Assosiasiyası) fermerləri, qovurucuları, baristaları və kafe sahiblərini birləşdirən üzvlük təşkilatıdır; qəhvə-su nisbəti, dəmləmə vaxtı, su keyfiyyəti və temperaturu kimi standartlar hazırlayır, dünya miqyasında təhsil və yarışlar keçirir (Dərs 3.3 su standartı, Dərs 2.3 dadma).
Bayram səhəri Gəncədə nənə qonaqlara çay süzür, Bakıdakı nəvəsi isə kafedə dostları ilə kapuçino içir; İstanbulda elçi gələn evdə qız cəzvəni oda qoyub. Qəhvə hər yerdə eyni dəndən hazırlanır, amma hər xalq onu öz adəti ilə içir. Qonaq çox vaxt baristadan da bu hekayələri soruşur.
Osmanlı qəhvəxanası. XVI əsrdə İstanbul qəhvəxanası qısa zamanda şəhərin ən canlı yerinə çevrildi: burada söhbət edilir, xəbər yayılır, nərd və şahmat oynanılır, məddah hekayə danışır, Qaragöz kölgə oyunu göstərilir, aşıqlar deyişirdi. Qəhvəxanada siyasət də danışıldığı üçün dövlət onları bir neçə dəfə bağlatdı, amma qəhvə qaldı. Sarayda sultanın qəhvəsinə ayrıca vəzifəli qəhvəçibaşı baxırdı. XIX əsrin ortasında İstanbulda ilk qiraətxanalar açıldı: qəhvə ilə yanaşı qəzet və kitab da oxunurdu. Türkiyədə bu ad bu gün də işlənir.
Səhər yeməyinin adı. Türkiyədə səhər yeməyinə "kahvaltı" deyilir. Söz "qəhvə altı" deməkdir: qəhvədən əvvəl, ac qarına qəhvə içməmək üçün yeyilən yüngül yemək. Sözün italyanca "caffè latte" ifadəsindən gəldiyi fikri yanlışdır.
Elçilik. Türkiyədə elçilər qız evinə gələndə qəhvəni qızın özü bişirib gətirir; qonaqlar onun qəhvəsinin köpüyünə və dadına baxır. Bəzi ailələrdə qız elçi gələn oğlanın qəhvəsinə şəkər əvəzinə duz qatır: oğlan qəhvəni üzünü turşutmadan axıra qədər içirsə, səbirli və qıza bağlı sayılır. Bu, zarafatlı bir adətdir; nə vaxt yarandığı bəlli deyil, ona görə onu qədim Osmanlı adəti kimi təqdim etmək doğru olmaz.
Servis və hörmət. Türk qəhvəsi cəzvədə yavaş-yavaş bişirilir, köpüyü ilə kiçik fincana süzülür, yanında bir stəkan su verilir, çox vaxt bir parça lokum da qoyulur. Su adətən qəhvədən əvvəl içilir: ağzı təmizləyir. Qəhvə içiləndən sonra fincan nəlbəkiyə çevrilir və çöküntüyə fal baxılır. "Bir fincan qəhvənin qırx il xətri var" atalar sözü qəhvənin qonaqpərvərlik nişanı olduğunu göstərir. UNESCO 2013-cü ildə "Türk qəhvəsi mədəniyyəti və ənənəsi"ni Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil etdi. Bişirmə texnikası Dərs 5.5-dədir.
Çay qəhvəni necə qabaqladı. Bu gün Türkiyədə çay qəhvədən çox içilir. 1924-cü ildə Rize bölgəsində çay əkini üçün qanun qəbul olundu, çay 1930–1940-cı illərdən sonra kütləvi içkiyə çevrildi. Qəhvə xaricdən alınırdı, çay isə ölkənin öz torpağında yetişdi.
Şəkil 1.1.3. Türk qəhvəsi: köpük, su və lokum. Səfəvi dövründə qəhvəxana, Azərbaycanda çay. Səfəvi dövlətinin şəhərlərində, xüsusən Şah Abbasın paytaxtı İsfahanda, Nəqşi-Cahan meydanında qəhvəxanalar geniş yayılmışdı; qəhvəxana şeir, hekayə və söhbət məclisinin yeri idi. "Qəhvəxana" sözü dilimizdə bu gün də yaşayır, amma Azərbaycanda əsas qonaq içkisi çay oldu. XIX–XX əsrlərin qovşağında Lənkəran–Astara bölgəsində çayçılıq yayıldı, sonra bölgə çay diyarına çevrildi; bu gün də hər evdə qonaq çayla qarşılanır. 2022-ci ildə Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi "Çay mədəniyyəti: kimlik, qonaqpərvərlik və ünsiyyət rəmzi" UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildi.
Bu gün qəhvə Azərbaycana yenidən qayıdır: Bakıda espresso və xüsusi keyfiyyətli qəhvə kafeləri, öz qəhvəsini qovuran kiçik qovurma evləri açılır, gənclər barista peşəsini seçir, yerli baristalar beynəlxalq yarışlara qatılır. Azərbaycanın qəhvə idxalı artır: 2024-cü ildə 608 ton, 2025-ci ilin yanvar–noyabrında 663 ton (≈ 8 milyon dollar); ən böyük tədarükçülər arasında Braziliya və İtaliya var. Barista üçün bu, iki şey deməkdir: qonaqların çoxu qəhvəni yeni tanıyır, ona görə izah etmək və dadına uyğun içki təklif etmək işin yarısıdır.
Ölkə Adət Barista bunu da bilsin Efiopiya buna (qəhvənin Efiopiyadakı adı) mərasimi: yaşıl dən evdə qovrulur, cəbənə adlı gil qabda bişirilir, qonaqlar üç fincan içir: abol, tona, baraka mərasimi adətən evin qadını aparır; üçüncü fincan xeyir-dua sayılır Yəmən qişr: qəhvə meyvəsinin qurudulmuş qabığından, zəncəfil və hil ilə dəmlənən içki qəhvə dənindən ucuzdur, gün ərzində içilir İtaliya barda ayaqüstü espresso: piştaxtada içmək masada içməkdən ucuzdur; kapuçino əsasən səhər içilir nahardan sonra adətən espresso istənir Avstriya (Vyana) qəhvəxana qəzet oxunan, saatlarla oturulan yerdir; qəhvə bir stəkan su ilə verilir 2011-də Avstriyanın milli qeyri-maddi irs siyahısına daxil edilib Finlandiya, Norveç, İsveç adambaşına ən çox qəhvə içən ölkələr arasındadır; açıq qovrulmuş filtr qəhvə; İsveçdə "fika": qəhvə və şirniyyatla fasilə açıq qovurma Şimal ölkələrinin adətidir (Dərs 2.2) Vyetnam kiçik metal süzgəcdə (fin) dəmlənən tünd qəhvə, qatılaşdırılmış süd və buzla deyilənə görə 1946-da Hanoyda süd çatışmayanda yumurtalı qəhvə yaranıb Yaponiya kissaten: sakit, əl dəmləməsi ilə işləyən qəhvə evləri; ilk müasir kissatenlərdən biri 1888-də Tokioda açılıb əl dəmləməsi mədəniyyəti buradan dünyaya təsir edib (Bölmə 5)
Geniş yayılmış yanlış Yayılmış fikir Doğrusu Qəhvəni Kaldi adlı çoban kəşf edib bu, rəvayətdir və ilk dəfə 1671-ci ildə çap olunub; qəhvənin vətəni Efiopiya, içki kimi ilk yayıldığı yer Yəməndir Vyananın ilk qəhvəxanasını 1683-də Kolşitski türklərdən qalan qəhvə ilə açıb rəvayətdir; Vyanada qəhvə satmaq üçün ilk icazə 1685-də Diodatoya verilib Vyana qəhvəxanası UNESCO-nun dünya siyahısındadır Avstriyanın milli siyahısındadır (2011); UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısında isə türk qəhvəsi mədəniyyəti var (2013) Elçi gələn oğlanın qəhvəsinə duz qatmaq qədim Osmanlı adətidir zarafatlı adətdir; nə vaxt yarandığı bəlli deyil
Bilirdinizmi? Qəhvə dünyaya Yəmənin Moxa (Mokka) limanından satılırdı; "moka" sözü buradan gəlir (Dərs 4.3). Hollandlar Cavada qəhvə əkdikdən sonra ingilis dilində "java" sözü qəhvə mənasını da aldı.
Helsinkidə ofis işçisi gündə dörd-beş fincan filtr qəhvə içir, Bakıda isə qonağa əvvəl çay süzülür. Qəhvə dünyanın hər yerində içilir, amma miqdarı ölkədən ölkəyə on dəfələrlə dəyişir. İstehlak adətən adambaşına ildə neçə kiloqram qəhvə düşdüyü ilə ölçülür; bir kiloqram dəndən təxminən 100–120 fincan filtr qəhvə və ya 50–60 ikiqat espresso alınır.
Ölkə Adambaşına ildə qəhvə (təxmini) Nə deyir Finlandiya 10–12 kq dünyada ən çox içənlərdən; gündə 4–5 fincan Norveç 9–10 kq açıq qovrulmuş filtr qəhvə İslandiya ≈ 9 kq — Danimarka 8–9 kq — Niderland ≈ 8 kq — İsveç ≈ 8 kq fika: qəhvə və şirniyyatla fasilə İsveçrə ≈ 8 kq — Belçika ≈ 7 kq — Türkiyə 1–2 kq son on ildə xeyli artıb; çayda isə dünyada birincidir: adambaşına təxminən 3–4 kq Azərbaycan rəsmi idxala görə 100 q-dan az 2024-də təxminən 600 ton qəhvə idxal olunub; həll olan qəhvə ayrıca sayılır; çay qəhvədən dəfələrlə çox içilir
Finlandiya 10–12 Norveç 9–10 İslandiya ≈9 İsveç ≈8 Danimarka 8–9 Niderland ≈8 İsveçrə ≈8 Belçika ≈7 Türkiyə 1–2 Azərbaycan <0,1 adambaşına ildə qəhvə 10 kq və çox 8,5–10 kq 7–8,5 kq 1–2 kq 0,1 kq-dan az kitabda rəqəm yoxdur Şəkil 1.1.4. Şimala getdikcə qəhvə fincanı çoxalır. Şimala getdikcə niyə artır? Avropa xəritəsində bir meyil açıq görünür: ən çox qəhvəni Şimal ölkələri içir, Aralıq dənizi ölkələrində fincan kiçik, sayı az olur. Bu, təbiət qanunu deyil, meyildir: Britaniya və İrlandiya da şimaldadır, amma orada çay üstündür. Bunun bir neçə izahı var, hamısı eyni dərəcədə sübutlu deyil:
İzah Nə deyir Nə qədər güclüdür Tarix: spirtə qarşı hərəkat XIX əsrdə Norveç və İsveçdə içkiyə qarşı mübarizə aparanlar qəhvəni spirtli içkiyə zərərsiz əvəz kimi təbliğ etdi; iş yerində qəhvə fasiləsi adət oldu tarixi sənədlərlə qismən təsdiqlənir Mədəniyyət İsveçdə fika, Finlandiyada iş yerində qəhvə fasilələri, Norveçdə kilsə qəhvəsi; qəhvə ev və iş həyatının ritmidir güclü, amma ölçmək çətindir Dəmləmə üsulu Şimalda böyük fincanda filtr qəhvə içilir; bir fincan filtrə bir espressodan çox dən gedir ehtimal Soyuq və qaranlıq qış uzun qaranlıq gündə isti və oyadıcı içki istənir populyar fikir; isti ölkələrdə də güclü qəhvə mədəniyyəti var
Türkiyə və Azərbaycan. Hər iki ölkədə qəhvənin tarixi uzundur, amma gündəlik içki çaydır. Türkiyədə son on ildə qəhvə zəncirləri və evdə espresso maşınları qəhvə istehlakını xeyli artırıb. Azərbaycanda rəsmi idxal hələ azdır: adambaşına ildə bir neçə fincan düşür. Rəsmi statistikaya görə ölkəyə ən çox qəhvə Braziliya, İtaliya (qovrulmuş qəhvə) və Türkiyədən gəlir; beynəlxalq qəhvə zəncirləri Bakıda açılır. Barista üçün bu, böyük boş bazar deməkdir: qonağın çoxu qəhvəni yeni tanıyır.
Geniş yayılmış yanlış Yayılmış fikir Doğrusu İsveç qəhvəni yalnız sağlamlıq üçün qadağan edib İsveç 1756–1823-cü illərdə qəhvəni beş dəfə qadağan edib; əsas səbəb pul idi: dövlət ölkədən qızıl və gümüşün çıxmasını istəmirdi; sağlamlıq və əxlaq da səbəb göstərilirdi; qadağalar qaçaqmalçılığı artırdı Şimal xalqları qəhvəni soyuq olduğu üçün içir bu, yalnız bir ehtimaldır; tarix, adət və dəmləmə üsulu da rol oynayır
Daha dərindən Barista ilə baş barista arasındakı fərq məsuliyyətdədir, bacarıqda deyil. Baristadan yaxşı içki gözlənilir. Baş barista isə növbənin nəticəsinə cavab verir: kalibrləmə, keyfiyyət, yeni işçinin öyrədilməsi. Mərhələ Nə edir Barista içki hazırlayır, qonağa xidmət edir, stansiyanı saxlayır Baş barista növbəni idarə edir, kalibrləmə və keyfiyyətə cavabdehdir, yeni işçini öyrədir Kafe meneceri komanda, maya dəyəri, ehtiyat, satış (Bölmə 9) Təlimçi baristaları öyrədir, standart yazır Qovurucu, dadımçı (Q-qreyder: beynəlxalq imtahandan keçmiş peşəkar dadımçı) qəhvəni qovurur, dadır, qiymətləndirir, alır
Peşəni beynəlxalq səviyyəyə qaldıran yarışlardır. Dünya Qəhvə Çempionatları (World Coffee Championships) bir neçə yarışdan ibarətdir. Dünya Barista Çempionatında espresso, südlü içki və imza içkisi hazırlanır. Latte Art və Brewers Cup (əl dəmləməsi) ayrı yarışlardır. Cəzvə/İbrik çempionatında türk qəhvəsi cəzvədə hazırlanır; cəzvə qəhvəsi bölgəmizdə tanışdır, Azərbaycan baristaları üçün yaxşı imkandır.
Hər il yarışların qalibləri Dünya Qəhvə Çempionatlarının rəsmi saytında elan olunur. Dərsdən əvvəl son qalibləri oradan tapın və onların çıxışlarına baxın: yarışçının qonağa necə danışdığı da yarışın bir hissəsidir.
Araşdırın 1) "Qəhvə" sözünün mənşəyi və qəhvənin bu günə qədərki yolu haqqında təqdimat hazırlayın. 2) Azərbaycanda keçirilən barista yarışlarını və SCA təhsil yolunu araşdırın; nəticəni sinifdə təqdim edin.
Yaxşı xidmət işçisi növbəyə vaxtında gəlir, səliqəli geyinir, açıq üzlə danışır, diqqətlidir, məhsulu yaxşı tanıyır, qonağa nəsə təklif edə bilir, iş yerini təmiz saxlayır, qonaqlara növbə ilə xidmət edir və qaydaya əməl edir. İndi yaxşı peşəkarın doqquz xüsusiyyətinə bardakı nümunələrlə baxaq:
Xüsusiyyət Bardakı nümunə Vicdan südün açılış tarixinə və soyuducunun temperaturuna baxır; tarix yazılmayıbsa və ya keçibsə südü işlətmir, növbə rəhbərinə deyir: iyə güvənilmir, çünki xəstəlik törədən mikroblar iy vermir (Dərs 1.5); etiketi olmayan şərbət işlənmir Əzm bayram, həftə sonu, səhər yeddidə açılış; hər espressonu eyni çəkidə, eyni vaxtda verir; bu, darıxdırıcı görünsə də, standartdır Maraq "niyə?" sualı: süd niyə belə köpükləndi, bu qəhvə niyə turş çıxdı, yeni dən hansı fermadandır; bilmədiyini soruşur İntizam növbəyə formada, əli yuyulmuş gəlir; "iki dəqiqəyə hazırdır" deyibsə, hazırdır Təmizlik əvvəl əl, sonra iş yeri, sonra alət; buxar çubuğu hər istifadədən sonra silinir, portafiltr hər şotdan sonra boşaldılır: "işlədikcə təmizlə" Komanda ruhu "mənim işim deyil" demir; kassa sıxılanda kömək təklif edir, süd qutusunu bitirən yenisini deyir Keyfiyyətə hörmət pis çıxan şotu atır, yenisini çəkir; israfı azaldır: süd pitçerə ölçü ilə tökülür Təvazökarlıq qonaq "şəkər azdır" deyəndə mübahisə etmir: "sağ olun, düzəldirəm" Qonağa xidmət "laktozasız" deyibsə laktozasız olur; "allergiyam var" deyibsə bu təhlükəsizlik qaydasıdır (Dərs 1.4): laktozasız süd süd allergiyası olan qonaq üçün uyğun deyil; "qonaq mən olsaydım bunu içərdimmi?"
Bu xüsusiyyətləri öyrənmək olar: bunlar doğuşdan gəlmir, vərdişlə yaranır. Bu gün peşə standartları onlara "davranışlar", məktəblər "peşəkar keyfiyyətlər" deyir. Köhnə Əxilik qaydası eyni şeyi üç sözlə deyirdi: "Əlinə, belinə, dilinə sahib ol": oğurlama, namusunu qoru, yalan danışma.
Bacarıq səviyyəsi Barda Başlanğıc bar köməkçisi: qab-qacaq, buz, ehtiyatın doldurulması, masaların yığılması, kassada kömək Texniki barista: espresso və südlü içkilər, dəyirman kalibrləməsi, stansiya standartı, qonaqla danışıq Nəzarətçi baş barista, menecer: menyu, maya dəyəri, növbə qrafiki, keyfiyyət, yeni işçini öyrətmək
Peşə pillələri İngiltərə şagirdlik sistemində pillələr səviyyə ilə ölçülür: 2-ci səviyyə müstəqil işləyən işçidir, 3-cü səviyyə komandaya rəhbərlik edə bilən işçidir.Bu kitab barista imtahanından geniş yazılıb: peşədə lazım olan, amma imtahana düşməyən biliklər də var.
Bar qaydası Rəhbər səhvi düzəldə bilər, alçalda bilməz. Tələbkar olmaq olar, təhqir etmək olmaz: pis şotu geri qaytarmaq işdir, qışqırmaq iş deyil.
Ustanın gözü: kimsə baxmayanda Təcrübəli usta yeni baristanı "vicdanlı", "maraqlı" kimi sözlərlə yox, gördüyü kiçik işlərlə tanıyır: kimsə baxmayanda südün tarixinə baxırmı, pis şotu atırmı, kassa sıxılanda özü kömək təklif edirmi. Doqquz xüsusiyyəti bir gündə qiymətləndirmək olmur. Usta bir həftə baxır və hər xüsusiyyət üçün bir hadisə yadda saxlayır.
Diaqnoz: hansı xüsusiyyət çatmır? Aşağıdakı hallarda doqquz xüsusiyyətdən hansının çatmadığını və baristanın bu anda nə etməli olduğunu deyin.
Şot 15 saniyədə axıb bitir; qonaq gözləyir deyə barista onu fincana tökür. Açılış tarixi yazılmamış südü iyləyib "təzədir" deyir və işlədir. Qonaq "şəkər azdır" deyir; barista "resept belədir" deyib mübahisə edir. Kassada sıra uzanır; süd stansiyasındakı barista boş dayanıb "mənim işim deyil" deyir. Qonaq "süd allergiyam var" deyir; barista laktozasız süd işlədir. Yeni qəhvə gəlib; barista nə mənşəyini, nə dadını soruşur, köhnə reseptlə işləyir. Cavablar Keyfiyyətə hörmət: pis şot atılır, yenisi çəkilir. Vicdan: iyə güvənilmir. Tarixsiz süd işlədilmir, növbə rəhbərinə deyilir. Təvazökarlıq: "Sağ olun, düzəldirəm." Komanda ruhu: kassaya kömək təklif etmək. Qonağa xidmət: laktozasız süd süd allergiyası olan qonaq üçün uyğun deyil. Allergiya təhlükəsizlik qaydasıdır (Dərs 1.4). Maraq: yeni qəhvənin mənşəyini və dadını soruşmaq, resepti dadaraq yoxlamaq. Eyni iş üç dəfə: kömək azalır Doqquz xüsusiyyəti cədvəldə oxumaq bir işdir, onları bir həftəlik işdə göstərmək başqa iş. Eyni iş üç mərhələdə təkrarlanır və hər mərhələdə kömək azalır.
Mərhələ Qarşınızda nə var Nə edirsiniz Müəllim nəyə baxır 1. Özünü yoxlama xüsusiyyətlər cədvəli qarşınızda hər xüsusiyyət üçün öz həyatınızdan bir nümunə yazırsınız nümunə hadisədir, söz deyil 2. Yoldaş baxır tədris barında bir növbə; cədvəl yoldaşınızdadır adi işinizi görürsünüz, yoldaşınız hər xüsusiyyət üçün bir hadisə yazır hansı xüsusiyyət üçün hadisə yazıla bilmədi 3. Bir həftə real növbələr; işi olmayan tələbə üçün tədris barında müəllimin müşahidə etdiyi üç növbə-simulyasiya (hər birində müştəri, kassa və süd stansiyası rolları); cədvəl yoxdur hər növbədən sonra "bu gün nə öyrəndim?" cümləsini və 2–3 hadisəni (hansı xüsusiyyəti göstərdi) yazırsınız həftənin sonunda sizin və təlimçinin (simulyasiyada müəllimin) siyahısı tutuşdurulur
Üçüncü mərhələdə ən az nümunə tapılan xüsusiyyət növbəti həftənin hədəfi olur.
Hər reseptdən sonra iki sətir Hər növbədən bir cümlə yazmağa əlavə olaraq hər resept kartından sonra iki sətir yazın: “nə yaxşı çıxdı” və “nə dəyişirəm”. Bu qeydlər imtahana hazırlıqda da işə yarayır (Dərs 4.5, 10.1).
Hər növbədən sonra bir cümlə yazın: "Bu gün nə öyrəndim?" (portaldakı Qeydlər bölməsi və ya dəftər). Rəyi gözləməyin, özünüz istəyin: "Bunu necə daha yaxşı edə bilərəm?" Başqa stansiyanı görün: süd stansiyası, espresso stansiyası, kassa; icazə ilə hər birində işləyin. Oxuyun və dinləyin: qovurucuların yazıları, SCA materialları, yarış videoları. Peşə birliyinə və yarışlara qoşulun: master-klass, dadma seminarı, çempionat. Təhsil yalnız bar qapısını açmır: qovurma, dadımçılıq, təlimçilik, kafe idarəçiliyi, satış, avadanlıq servisi də qəhvədən çıxan peşələrdir. Bir içkini yüz dəfə hazırlamayan onu həqiqətən tanımır: təkrar ustalığın yoludur.
Bilirdinizmi? İşçi sorğularında gənclərin işdən getmə səbəblərindən biri hər dəfə eynidir: "burada heç nə öyrənmirəm". Öyrədən kafe işçisini saxlayır (Dərs 1.2).
Müzakirə doqquz xüsusiyyətdən hansı sizdə ən güclüdür, hansı ən zəifdir? İntizam ilə alçaltma arasındakı sərhəd harada keçir? Nümunə: pis çıxan şotu geri qaytarmaq intizamdır, qışqırmaq alçaltmadır.
CTH-yə hazırlıq CTH Level 2 Barista Skills (2BSK) proqramında bu dərsə aid meyarlar:
1.2 qəhvənin tarixi və istehsal üsulları4.2 xidmət işçisinin əsas xüsusiyyətləriPraktik imtahanda qiymətləndirici altı qəhvə əsaslı içkidən beşini seçir, biri mütləq espressodur; tələbə onları hazırlayır və iş yerini, gigiyenanı, avadanlığı göstərir; test 20 sualdır (imtahan kartları: Dərs 3.5, 4.5 və 5.5).
Terminlər AZ EN TR RU barista barista barista бариста dalğa (qəhvə dalğası) coffee wave kahve dalgası кофейная волна qovurucu roaster kavurmacı обжарщик dadımçı cupper, Q grader tadımcı каппер xüsusi keyfiyyətli qəhvə specialty coffee nitelikli kahve спешелти-кофе qəhvəxana coffeehouse kahvehane кофейня cəzvə cezve, ibrik cezve джезва, турка peşə standartı professional standard meslek standardı профессиональный стандарт mentor mentor mentor наставник peşə tükənməsi burnout tükenmişlik профессиональное выгорание
Müzakirə Niyə qonaq fermerin əməyini yalnız baristanın fincanında dadır? Niyə Azərbaycanda gündəlik içki çay oldu? Bu, bugünkü barista üçün nə deməkdir? Barista üçün yarış niyə vacibdir, hətta qalib gəlməsə də? Təkrar üçün suallar Doğru (D) və ya yanlış (Y)?
( ) Türk qəhvəsi bir stəkan su ilə verilir. ( ) Türkiyədə səhər yeməyinin adı "qəhvə altı" sözündən gəlir. ( ) Azərbaycanda əsas qonaq içkisi qəhvədir. Boşluğu doldurun.
Qəhvəni peşəkarcasına hazırlayan və təqdim edən şəxsə …………… deyilir. Kürsüyə çıx Özünüzü qonağa barista kimi tanıdın: adınız, kafeniz, sevdiyiniz qəhvə və onun haradan gəldiyi. 1 dəqiqə; sonra yoldaşınız "qonaq" kimi bir sual verir.Yoldaşınız tapşırıqda göstərilən rolu oynayır. Nə etdiyinizi və niyə belə etdiyinizi izah edin, sonra komandanın suallarına cavab verin.